• News » Mustafa Sandal:"Azərbaycan dilində mahnı öyrənəcəm"

    Mustafa Sandal:"Azərbaycan dilində mahnı öyrənəcəm"

    Türkiyəli müğənni bu gün Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək

    Türkiyəli məşhur müğənni Mustafa Sandal Bakıya gəlib. ANS PRESS-in məlumatına görə, ifaçı bu gün saat 19:00-da Heydər Əliyev sarayında "Təsir altında" adlı konsert proqramı ilə çıxış edəcək. Məhz bu səbəblə Mustafa ötən gün yerli media nümayəndələrini ətrafına toplayıb konsert ilə bağlı mətbuat konfransı keçirib. Bir çox ölkələrə həyat yoldaşı Əminə Sandal ilə gedən ifaçı bu dəfə tək gəldiyini deyib: "Bu aralar Əminənin işləri çoxdur, televiziya layihəsində iştirak edir. Bundan əlavə olaraq konsert proqramına hazırlaşır. Bu səbəbdən həyat yoldaşım bu gün mənimlə gələ bilmədi. Əksər zamanlarda isə biz çalışırıq ki, mən uşaqlarımın yanında olmayanda heç olmasa Əminə onlarla birlikdə olsun".
     
    Müxbirlərin suallarını sərbəst cavablandıran, ara-sıra zarafatlar edən ifaçı Bakıda verəcəyi konsertə ciddi hazırlaşdığını vurğulayıb: "Azərbaycana 17 nəfərlik musiqi heyətimlə gəlmişəm, yeni albomumdan olan sevilən mahnıları ifa edəcəm. Bundan əlavə olaraq yeni oranjeman olunan mahnılarımı da səsləndirəcəm. Sabaha qədər çatdırsam çalışacam Azərbaycan dilində bir mahnı öyrənim və tamaşaçılarım üçün ifa edim". 
     
    İfaçının maraq yaradan cavablarından biri isə yerli müğənnilərdən heç kimi tanımadığını bildirməsi olub: "Yeni müğənnilərinizdən heç kimi tanımıram, Zeynəb Xanlarova, Rəşid Behbudov və onun "Sevgilim" mahnısını bilirərəm. Yeniləri tanımamağımın günahı məndə deyil. Ola bilsin ki, onlar yetərincə özlərini tanıda bilməyiblər".
     
    Türkiyədən qonaq gələn digər müğənnilərdən fərqli olaraq Mustafa Sandan çox sayda mühafizəçiyə ehtiyacı olmadığını bildirib: "Allaha şükür mən özüm-özümü qoruya bilirəm, hər gün ciddi olaraq idmanla məşğul oluram, həyatdır başımıza hər şey gələ bilər. Məhz ona görə də mühafizəyə ehtiyac duymuram". 
     
    Sənətçi rəngli geyimləri sevmədiyini əksər zamanlarda eyni rəngli libaslara üstünlük verdiyini bu gün konsert proqramında isə iki geyimdə tamaşaçıların qarşısına çıxacağını bildirib.

    Source

    http://anspress.com/index.php?a=2&lng=az&nid=263023